"ABŞ Dövlət Departamentinin bir müddət əvvəl Maduro rejimini rəsmi şəkildə terror təşkilatı kimi tanımasından sonra hadisələrin bu məcrada inkişaf edəcəyi gözlənilən idi. Nəhayət, Birləşmiş Ştatlar xüsusi əməliyyatla Venesuela prezidenti Nikolas Maduronu həbs etdi. Venesuela fonunda cərayan edən proseslər böyük ölçüdə yeni qlobal geostrateji bölgünün bir parçasıdır".
Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizdə deyib. O bildirib ki, həmin bölgü Vaşinqton və Pekin arasında gedir:
"Mahiyyət etibarilə, Venesuela hadisələri Tramp Administrasiyasının Latın Amerikası ilə bağlı ambisiyalarının başlanğıcıdır. Çox güman ki, bu dalğa Kuba, Kolumbiya kimi ölkələrlə davam edəcək. İndiki şəraitdə ilk növbədə Venesuelanın neft ehtiyatları və bazar dəyəri təxminən 25 trilyon dollar olaraq qiymətləndirilən digər resursların mənimsənilməsi olacaq. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Donald Tramp ucuz neft strategiyasının həyata keçirilməsinin tərafdarıdır və bu baxımdan Venesuela əvəzsiz nemətdir".
Pərviz Mirizadə qeyd edib ki, prezident Maduronun bu qədər tez bir zamanda saxlanılmasının ardında gizli sövdələşmələrin olması istisna deyil:
"Lakin yekun olaraq Vaşinqton bir daha öz hegemonluğun nümayiş etdirdi. İndi isə əsas diqqətlər ən az Venesuela qədər gərgin olan cənub qonşumuz İrana fokuslanıb. Tehran etiraz aksiyaları ilə çalxalanır. Etirazlar ilk başda iqtisadi məsələlərdən başlasa da gedişat mahiyyətin dəyişdiyini göstərir".
Anar