Siyasət 29-12-2025, 11:59

Kremlin qeyri-obyektiv və qərəzli mövqeyinin şahidi oluruq




“Rusiya tərəfinin vurulan AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verməsi Moskvanın prosesin mahiyyətini təhrif etmək cəhdinin göstəricidir”.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, artıq hər şey öz təsdiqini tapıb:

“Təyyarəmiz məhz Rusiya HHM sistemləri tərəfindən vurulub. Lakin biz burada hadisənin baş verdiyi gündən etibarən Kremlin qeyri-obyektiv və qərəzli mövqeyinin şahidi oluruq. Əslində bu tip situasiyalarda tətbiq ediləcək yanaşma və davranış modeli bəllidir. Üzr istəmək, dəyən zərəri ödəmək və hadisənin səbəbkarlarını cinayət məsuliyyətinə cəlb etmək. Düzdür prezident Vladimir Putin Düşənbədə cənab Prezident İlham Əliyevlə görüşü zamanı üzr istədi. Ancaq biz yekunda tamamilə fərqli ritorikanın şahidi oluruq. Rusiya rəsmiləri məhz klassik imperiya narrativlərindən irəli gələn miflərdən çıxa bilmirlər. Dövlət simaları, ekspertlər və media ruporları vaxtaşırı olaraq Azərbaycanı təhdid edir, çox eybəcər sürətdə Rusiyanın böyüklüyünü diqtə etməyə çalışırlar”.

Pərviz Mirizadə hesab edir ki, ruslar bu məsələdə Ukrayna tərəfinin də günahkarlar sırasına daxil edilməsini istəyirlər:

“Liderlərin görüşündə Vladimir Putin də bu məsələni qeyd etmişdi. O bu məsələdə bilərəkdən Ukraynanın adını qeyd etdi və hadisəni onların hücumu fonunda baş verdiyi tezisini önə çəkdi. Digər vacib məqam ondan ibarətdir ki, Rusiya tərəfi Azərbaycanla bərabərhüquqlu tərəfdaşlıq reallığını qəbul etməkdə çətinlik çəkir. Onlar bunu həzm edə bilmirlər və öyrəşmədikləri münasibət rusları qıcıqlandırır. Azərbaycan öz haqlı tələblərini, həmin tələblərdən qaynaqlanan prinsipial mövqeyini ortaya qoyur”.

Anar

Xəbər lenti