"Dünya azərbaycanlılarının həmrəyliyi ideyası xalqımızın tarixi yaddaşından, milli ruhundan və dövlətçilik düşüncəsindən qidalanan müqəddəs bir məfkurədir. Bu ideya təsadüfi yaranmamış, ağır və taleyüklü sınaqlardan keçərək formalaşmış, müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilmişdir".
Planetinfo.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, onun sistemli şəkildə dövlət siyasəti səviyyəsinə yüksəldilməsi isə bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:
"XX əsrin sonlarında Azərbaycan xalqı həm müstəqillik uğrunda mübarizə aparır, həm də daxili siyasi böhranlar və xarici təzyiqlərlə üz-üzə qalırdı. Belə bir mürəkkəb tarixi mərhələdə xalqın vahid ideya ətrafında birləşməsi həyati zərurət idi. Məhz Ulu Öndər Heydər Əliyev milli birliyin, azərbaycançılıq ideologiyasının və dünya azərbaycanlılarının həmrəyliyinin dövlətin gələcəyi üçün strateji əhəmiyyət daşıdığını qətiyyətlə ortaya qoydu".
Anar