“İranda davam edən etiraz aksiyaları, əvvəlki illərdə olduğu kimi nəticəyə varmadan yatırılma ehtimalı yox deyil. Amma, bu dəfə mövcud sistem üçün hadisələrə nəzarət etmək və aksiyaları yatırmaq çətin görünür. Heç şübhəsiz ki, etirazçıların nəticəyə varmadan meydanlardan çəkilmək düşüncələri yoxdur”.
Bunları
Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib. O bildirib ki, İranda 2009, 2017, 2019 və 2022 ci illərdə də etiraz aksiyaları olub və mövcud sistem əlində olan təsir mexanizmlərindən istifadə edərək bu aksiyaları yatıra bilib:
“Hökumətin əlində olan təsir mexanizmləri nələrdir və bu gün o mexanizmləri yenidən işə salmaq mümkündürmü? Məsələ burasındadır ki, indiki etiraz aksiyaları əvvəlkilərdən fərqlənir. İndiki etirazların səbəbi ideoloji deyil, yaşamsaldır və sosial yönümlüdur. Belə olan halda əvvəlki etiraz aksiyalarında tətbiq olunan mexanizmlərin, indiki vaxtda tətbiqinin heç bir anlamı yoxdur. Sistemin başında duranlar etirazçıların qaldırdığı problemləri həll etmək gücündə deyil və məhz bu səbəbdən qarşıdurma yolunu seçiblər”.
Ekspert deyib ki, ölkə ciddi infilyasiya ilə üzləşib:
“Sürətli bahalaşma müşahidə olunur və hökumət xüsusilə də qida sektorunda baş verən bahalaşmaya nəzarət mexanizmini həyata keçirə bilmir. Son illərin yığılıb qalan problemləri ilə yanaşı həmçinin, xüsusi olaraq diqqət çəkən işsizlik oranı ilə bağlı hökumətin heç bir siyasətinin uğurlu olmaması, ölkə vətəndaşlarını sistemin başında duranlarına qarşı hiddətləndirib. Söhbət gündəlik dolanışıqdan gedir və bu tip etirazçıların daha geniş bazası olduğunu nəzərə alsaq, aksiyaların uzunömürlü olması istiqamətində heç bir şübhə qalmır”.
Anar