Siyasət 5-01-2026, 15:35

İran hökuməti xarici müdaxiləyə qarşı sərt mövqedədir



“İranda baş verən etirazlar hər nə qədər sosial-iqtisadi vəziyyətə etiraz olaraq başlasa da, artıq özündə həm də geniş siyasi və hüquqi tələbləri əhatə edir. Şəhərlər üzrə yayılan dalğa, gənc nəsil və müxtəlif sosial qrupların fəallığı dövlətin idarəetmə mexanizmlərinə əlavə təzyiq yaradır. Bu, hökumətin yalnız maliyyə güzəştləri və simvolik addımlarla etirazları yatırmasının çətinləşdiyini göstərir”.

Bunları Planetinfo.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, İranın dövlət strukturları etirazlara qarşı sərt reaksiya göstərmək təcrübəsinə malikdirlər:

“Təhlükəsizlik qüvvələrinin tətbiqi, medianın senzurası və yerli hakimiyyətlərin nəzarət mexanizmləri əvvəllər etirazların böyük hissəsini yatırıb və nəticə əldə etməyə imkan verməyib. Bununla belə, geniş və uzunmüddətli aksiyalar mərkəzi hakimiyyətin effektivliyini azalda bilər. Bu dəfə etirazların yayılması və müxtəlif sosial qrupların iştirakı, potensial olaraq daha dayanıqlı hərəkət dalğası yaratma ehtimalını artırır”.

Yusif Bağırzadə qeyd edib ki, regional və beynəlxalq kontekst də burada mühüm rol oynayır:

“ABŞ, Avropa və digər regional güclər vəziyyəti yaxından izləyir və bəzi hallarda siyasi mesajlar verirlər. Lakin İran hökuməti xarici müdaxiləyə qarşı sərt mövqedədir və daxili etirazları xaricdən dəstəklənmiş kimi qiymətləndirmək milli reaksiya üçün əlavə səbəb yaradır. Buna görə də, xarici təsirlərin etirazların nəticəsinə birbaşa təsiri məhdud görünür, lakin diplomatik və siyasi təzyiq prosesin dinamikasına təsir göstərə bilər”.

Anar

Xəbər lenti