Sosial Bugün, 11:04

Gəncədə attestasiya ilə bağlı məlumatlandırıcı görüş olub

Gəncədə attestasiya ilə bağlı məlumatlandırıcı görüş olub
Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və təhsilverənlərin peşə səriştəsinin artırılması məqsədilə keçirilən attestasiya prosesi ilə bağlı Gəncə şəhərində məlumatlandırıcı görüş təşkil olunub.

Görüş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin təhsilverənləri üçün keçirilib.

Tədbir çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə attestasiyanın mahiyyəti və hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslar üzrə sahə və tematik mövzular, eləcə də nəzəri və praktiki məsələlər ətraflı şəkildə izah edilib və müzakirə olunub.

Qeyd olunub ki, bu tip məlumatlandırıcı görüşlərin əsas məqsədi musiqi və incəsənət məktəblərində çalışan müəllimlərə attestasiyanın keçirilmə qaydaları barədə sistemli məlumat vermək, attestasiya proqramına daxil olan mövzuları daha dolğun izah etmək və təhsilverənlərin attestasiyaya hazırlıq prosesinə metodiki dəstək göstərməkdir.

Bildirilib ki, oxşar məlumatlandırıcı görüşlərin digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri üçün də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti