Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçirilib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumun açılışında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, forumun layihə rəhbəri Şəmil Sadiq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Milli Məclisin deputatı Mehriban Vəliyeva bildiriblər ki, davamlı səciyyə daşıyaraq diqqətləri özünə cəlb edən təhsil menecerləri forumları ölkəmizin elm-təhsil həyatında əlamətdar hadisədir.

Vurğulanıb ki, təhsildə innovasiya, rəqəmsallaşma və effektiv idarəetmə modellərinin əsas istiqamət kimi götürüldüyü forum təhsil sahəsinin liderlərini bir araya gətirərək yerli və xarici ekspertlərin ən aktual trendlər və innovativ yanaşmalar barədə çıxışlarını təqdim etdiyi mühüm platformadır. Davamlı islahatlara ehtiyac duyan təhsil sektorunun problem və perspektivlərinin belə forumlarda müzakirə edilməsi inkişaf üzrə yol xəritələrinin dəqiq konturlarının müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, rəqəmsallaşma, süni intellektin təhsildə tətbiqi günümüzün reallığıdır və texnologiya artıq təhsilin köməkçi sahəsi deyil, müasir təhsil modelinin özüdür. Artıq texnologiya dövründə təhsil məkanla deyil, düşüncə ilə ölçülür, inteqrasiya olunmuş texnologiyalarla zəngin təhsil mühiti yartmaq imkanları genişlənir.
Dördüncü Təhsil Menecerləri Forumu 2026-cı ildə keçiriləcək.
Nəsimi