Sosial 22-12-2025, 00:06

Boşanma halları niyə artır?



Təəssüflər olsun ki, son vaxtlar boşanma halları artmaqdadır. Vəziyyət o həddə çatıb ki, hətta boşanma halları az qala nikah sayını üstələyə. Bəs görəsən boşanma hallarına səbəb olan əsas amillər nələrdir?

Planetinfo.az-ın xəbərinə görə, hüquqşünas Əli İbrahimov deyib ki, boşanmaların səbəbi səthdə görünən səbəblərdən qat-qat dərində gizlənir. O deyib ki, sənədlərdə “xasiyyət uyğunsuzluğu” yazılır, amma əslində problem düşüncə tərzində, seçim fəlsəfəsində, ailəyə baxışda başlayır. Əli İbrahimov vurğulayır ki, “Arşın mal alan” filmindəki o məşhur epizod təsadüfi deyil:

“Qız oxuyur: Mən gedərəm o oğlana onun pulu çox olsun, dərdi-qəmi az olsun. Bu cümlə təkcə bir mahnı deyil, bir mentalitetin, bir yanlış ölçünün etirafıdır. Qız düşünmür ki, bu pul haradan gəlir, hansı əllərin haqqı tapdanıb, hansı vicdan sükutla boğulub. Düşünmür ki, bu oğlan sabah ailəyə necə sahib çıxacaq, çətin gündə qaçacaqmı, yoxsa çiyin verəcəkmi? Bir evin içində səbr, mərhəmət, hörmət olacaqmı, yoxsa qapıdan içəri girən kimi hökm və təhqir? İki kəlmə xoş söz, bir az da cib doluluğu, vəssalam, “ideal kürəkən” hazırdır. Halbuki evlilik bazar deyil ki, pul ilə ölçəsən. Evlilik vitrin deyil ki, parıltıya aldanasan”.

Əli İbrahimovun sözlərinə görə, boşanmalar ona görə çoxdur ki, evlilikdə əsas olanı yox, sonuncu olanı əsas götürürük:

“Sonra da təəccüblənirik ki, niyə ailələr dağılır”.

Anar

Xəbər lenti