Son vaxtlar vətəndaşların üzləşdikləri əsas problemlərdən biri də işədüzəltmə büroları ilə bağlıdır. Belə ki, bəzi işədüzəltmə büroları vətəndaşlardan xidmət haqqı alır və iş tapmaq adı ilə onlara müraciət edən şəxslərlə müqavilə bağlayır. Bürolar vətəndaşa vəd edirlər ki, istənilən peşə ilə bağlı dövlət və ya özəl müəssisələrdə iş tapacaqlar. Lakin praktikada bir neçə ay keçməsinə baxmayaraq vətəndaşa heç bir iş təklif olunmur. Bu halda ödəniş “batıb gedir” və vətəndaşın etibarından sui-istifadə edilmiş olur.
Məsələ ilə bağlı fikirlərini
Planetinfo.az-a bölüşən hüquqşünas Əli İbrahimov deyib ki, Azərbaycan qanunvericiliyinə görə, bu vəziyyət mülki və hətta cinayət məsuliyyəti yarada bilər:
"İşədüzəltmə büroları ilə vətəndaş arasında adətən xidmət müqaviləsi bağlanır. Müqavilədə büronun öhdəlikləri, xidmətin müddəti və ödəniş qaydaları göstərilməlidir. Mülki Məcəllə göstərir ki, müqavilə tərəflərdən biri öhdəliklərini yerinə yetirmədikdə qarşı tərəf hüquqi müdafiə tələb edə bilər. Yəni, büro iş tapmasa, vətəndaş ödənişin geri qaytarılmasını tələb edə bilər. Əgər büro vətəndaşı aldatmaq niyyəti ilə pul alıb xidməti yerinə yetirmirsə, bu dələduzluq kimi qiymətləndirilir. Azərbaycan Cinayət Məcəlləsinin 178-ci maddəsi bildirir ki, kiminsə etibarından sui-istifadə etməklə və ya saxta məlumat verərək pul almaq cinayət hesab olunur. Bu halda vətəndaş polis və prokurorluğa müraciət edərək cinayət işi açdırmaq hüququna malikdir".
Hüquqşünas deyib ki, hüquqi müdafiə üçün vətəndaş birbaşa məhkəməyə müraciət edə, müqavilə və ödəniş qəbzləri ilə sübut təqdim edə bilər:
"Eyni zamanda dövlət orqanlarına, İqtisadiyyat Nazirliyi və ya Vergi Xidmətinə şikayət etmək mümkündür".
Anar