Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 10 ailə - 54 nəfər, Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə isə 15 ailə - 66 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.