Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə inklüziv sosial-mədəni tədbir təşkil olunub. Tədbirdə 6 saylı Uşaq evinin sakinləri və evdə (səyyar) sosial xidmət göstərilən tənha ahıllar, eləcə də ahıl ər-arvadlar iştirak ediblər.
Şəki şəhərində keçirilən tədbirdə iştirakçılar üçün maraqlı əyləncə proqramı təqdim olunub. Canlı musiqi ifaları, rəqs nömrələri və bayram əhvali-ruhiyyəsini əks etdirən səhnə çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Şaxta baba, Qar qız və bir sıra animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlar üçün musiqili şou proqramlar nümayiş etdirilib, müxtəlif oyunlar təşkil olunub. Şaxta baba tərəfindən Uşaq evinin sakinlərinə hədiyyələr təqdim edilib.
Tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların və ahılların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, onların sosial rifahının və psixoloji durumunun yaxşılaşdırılması məqsədi daşıyıb.