Nikah pozulması zamanı ortaya çıxan problemlərdən biri də ailə həyatı qurmadan əvvəl tərəflərdən birinə valideyn tərəfindən vərəsəliyin verilməsi olur. Belə ki, boşanma zamanı ər, yaxud arvad tərəfi iddia edir ki, həmin vərəsəlikdən ona da pay düşür. Bəs görəsən hüquqi baxımdan bu məsələ necə tənzimlənir?
Məsələ ilə bağlı
Planetinfo.az-a açıqlama verən hüquqşünas Əli İbrahimov deyib ki, vərəsəlikdən ər, yaxud arvad tərəfə hansısa pay düşmür:
“Ailə Məcəlləsinə görə ər-arvadın birgə mülkiyyəti yalnız nikah dövründə onların birgə qazancı, əmək haqqı və ümumi gəliri hesabına əldə olunan əmlakdır. Nikah müddətində olsa belə, əgər əmlak və ya pul şəxsə hədiyyə kimi verilibsə və ya miras qaydasında keçibsə, bu artıq ailənin ümumi əmlakı sayılmır və həmin şəxsin şəxsi mülkiyyəti hesab olunur”.
Əli İbrahimov qeyd edib ki, əgər qızın atası evini sataraq pulun bir hissəsini pay kimi öz qızına veribsə, bu, hüquqi baxımdan hədiyyə xarakteri daşıyır:
“Qızın həmin pulu banka qoyması da onun hüquqi statusunu dəyişmir. Bu pul yenə də qızın şəxsi mülkiyyətidir. Oğlanın bu pula iddia hüququ yoxdur və belə iddia qanun baxımından əsassızdır. Əsas şərt odur ki, pulun həqiqətən atası tərəfindən qızına verildiyi sübut olunsun, bu halda məsələ tam aydın olur və oğlanın həmin vəsaitdən pay tələb etmək hüququ yaranmır”.
Anar