Sosial 4-02-2026, 17:18

5 saylı Uşaq evi sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

5 saylı Uşaq evi sosial xidmət müəssisəsinə  mediatur təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.

Media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada yaşayan uşaqlara göstərilən xidmətlərlə yaxından tanış olublar.

Onlara bildirilib ki, bu uşaq evinin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib və ötən ilin noyabr ayında binanın təmirdən sonra açılışı olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

1 və 2 mərtəbəli 5 korpusdan ibarət olan binada sinif, informatika, tikiş və xalçaçılıq, rəqs və musiqi otaqları, emalatxana yaradılıb. Müəssisə zəruri mebel və avadanlıqlarla, eləcə də əyani vəsaitlərlə təchiz edilib. Burada istirahət və tibb otaqları, qarderob, kitabxana, oxu zalı, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası da yaradılıb. Həmçinin oyun attraksionları ilə təmin olunan meydança inşa edilib, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

120 çarpayılıq olan müəssisədə hazırda kiçik və böyük yaş qrupları üzrə 35 uşaq dövlət himayəsində yaşayır.

Qeyd edək ki, Agentliyin tabeliyində 6 Uşaq evi sosial xidmət müəssisəsi və 2 Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə ümumilikdə 433 uşaq stasionar və yarımstasionar formada müxtəlif xidmətlərlə təmin edilir.

Uşaq evi sosial xidmət müəssisələrində müəssisə əsaslı qayğıdan ailə mühitinə yaxın alternativ qayğı modelinə keçid istiqamətində işlərə də başlanıb. Bu model uşaqların həyat bacarıqlarına daha yaxşı yiyələnərək böyümələrində önəmli rol oynayır.

Xəbər lenti