Sosial 6-02-2026, 14:04

ADNA terrorundan nəticə çıxarılmalı idi



“Bu gün paytaxtdakı İdrak liseyində baş vermis hadisə təhsil sahəsində bir neçə problemin mövcud olduğunu bir daha ortaya qoydu. Hər şeydən əvvəl təhsil müəssisələrində təhlükəsizliyin təmin edilmədiyi, bu istiqamətdə vəziyyətin bərbad olduğunu üzə çıxardı. Görünən odur ki, yaxın tariximizdə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktından nə bu sahəyə cavabdeh olan dövlət qurumu, konkret desək Elm və Təhsil Nazirliyi, nə də ayrı-ayrı təhsil müəssisləri nəticə çıxarmayıb”.

Planetinfo.az xəbər verir ki, bunları “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli deyib. İctimai birlik sədri deyib ki, onuncu sinif şagirdinin avtomat silahı ilə məktəbə daxil olması ümumtəhsil müəssisələrində heç bir təhlükəsizlik normalarına əməl edilmədiyini bir daha təsdiqlədi:

“Halbuki ADNA terrorundan sonra cəmiyyət təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə müvafiq qurumlara çağırış etmişdi. Görünən odur ki, insan taleyi, təhsil müəssisəsində hansısa bədbəxt hadisənin baş verməsi bu sahəyə cavabdeh olan qurumlar üçün sıradan bir haldır. Ümid edək ki, Elm və Təhsil Nazirliyi bundan sonra hərəkətə keçəcək”.

Süleyman İsmayılbəyli onu da qeyd edib ki, məlum hadisə təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün qurulmadığını gerçəkliyini də üzə çıxardı:

“Düzdür, uşağın tərbiyəsində ailənin də rolu böyükdür. Ancaq uşağın günün böyük bir hissəsini məhz məktəbdə keçirməsi onu deməyə əsas verir ki, təhsil müəssisəsi də onun təlim-tərbiyəsi ilə birbaşa məşğul olmalıdır”.

İctimai birlik sədri onu da deyib ki, məktəblilərin sosial şəbəkələrdə daha çox kriminal məzmunlu paylaşımları izləməsi də bu kimi arzuedilməz halların baş verməsinə yol açır:

“Ona görə də hər zaman dediyimiz fikrin üstündə bird aha dayanırıq ki, məktəblilərə smartfon telefonlarından istifadə qadağası tətbiq edilməlidir. Bu qadağa təkcə məktəbdə deyil, eyni zamanda evdə, ailə mühitində də tətbiq olunmalıdır”.

Anar

Xəbər lenti