“Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı açıqlamaları Azərbaycanın həm daxili, həm də xarici siyasətində ardıcıl və strateji yanaşmasını nümayiş etdirir. Müsahibədə bir neçə əsas mesaj diqqəti çəkir: milli maraqların qorunması, regional və qlobal əməkdaşlıqların gücləndirilməsi, sosial rifahın təmin olunması və dövlətin davamlı inkişaf strategiyasının formalaşdırılması”.
Planetinfo.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Prezident müsahibəsində ictimai rifah məsələlərinə xüsusi diqqət yetirdi və burada əsas diqqət çəkən məqam dövlət yalnız iqtisadi artımı deyil, eyni zamanda vətəndaşların gündəlik həyatını və sosial sabitliyi də nəzərə alması ilə bağlıdır:
“Bu, Azərbaycan dövlətinin əsas hədəfinin vətəndaşların rifahı olması ilə bağlı verilmiş aydın mesajdır. Bu həm də beynəlxalq birliyə Azərbaycanın siyasətinin sabit olduğunu nümayiş etdirmək baxımından da xüsusi önəm daşıyır. Xarici siyasət və regional əməkdaşlıq məsələlərinə gəlincə, Prezident açıq şəkildə qeyd etdi ki, Azərbaycan qonşu dövlətlərlə dialoqa açıqdır, lakin milli maraqlardan geri çəkilməyəcək. Bu yanaşma həm regional balansın qorunmasına, həm də ölkənin beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə xidmət edir”.
Yusif Bağırzdə qeyd edib ki, Prezidentin vurğuladığı digər mühüm məqam enerji təhlükəsizliyi və strateji resursların qorunması ilə bağlı oldu:
“Bu, ölkənin həm daxili iqtisadi sabitliyi, həm də xarici investorlar üçün cəlbediciliyi baxımından önəmlidir. Analitik baxışdan, Prezidentin bu mövqeyi Azərbaycan dövlətinin uzunmüddətli strateji hədəflərinə uyğun olaraq planlanmış və ölçülmüş addım olduğunu göstərir”.
Anar