"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin mövcud siyasi reallıqları, inkişaf perspektivləri və qarşıda duran strateji hədəfləri baxımından çox mühüm əhəmiyyət kəsb edir. Müsahibə dövlət başçısının cəmiyyətlə açıq dialoqa verdiyi önəmi, eyni zamanda milli maraqlara söykənən ardıcıl və prinsipial siyasətini bir daha nümayiş etdirdi".
Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vasif Qafarov deyib. O bildirib ki, Prezident İlham Əliyev müsahibədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri kompleks şəkildə təhlil edərək, bu uğurların əsasının güclü siyasi iradə, milli birlik və məqsədyönlü dövlət siyasəti üzərində qurulduğunu vurğuladı:
"Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda ölkənin həm regional, həm də beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyi diqqətə çatdırıldı. Dövlət başçısının fikirləri göstərir ki, Azərbaycan bu mərhələdə bütün platformalarda artıq qalib və söz sahibi olan dövlət kimi çıxış edir.
Müsahibədə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə geniş yer verilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu prosesin planlı, sistemli və uzunmüddətli strategiyaya əsaslandığını qeyd edərək, Böyük Qayıdış proqramının uğurla icra edildiyini bildirdi. Yeni infrastruktur layihələri, müasir şəhərsalma konsepsiyaları və sosial obyektlərin tikintisi dövlətin öz vətəndaşına və torpağına olan məsuliyyətinin bariz nümunəsidir. Bu fikirlər cəmiyyətdə gələcəyə inamı daha da gücləndirir".
Deputat qeyd edib ki, dövlət başçısının regional və beynəlxalq siyasətlə bağlı səsləndirdiyi fikirlər müsahibənin ən diqqətçəkən məqamlarından biri oldu:
"Prezident İlham Əliyevin balanslı, praqmatik və milli maraqlara əsaslanan yanaşması Azərbaycanın müstəqil xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirdiyini təsdiqləyir. Dövlət başçısı regionda sülhün və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, Azərbaycanın bu istiqamətdə konstruktiv təşəbbüslərlə çıxış etdiyini açıq şəkildə ifadə etdi.
Müsahibədə sosial-iqtisadi inkişaf məsələlərinə də xüsusi diqqət yetirildi. Prezidentin əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və iqtisadi dayanıqlılığın təmin olunması ilə bağlı fikirləri göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Aparılan islahatların məqsədi yalnız bugünkü nəticələr deyil, gələcək nəsillər üçün möhkəm təməl yaratmaqdır".
Millət vəkili, "Ümumilikdə, Prezident İlham Əliyevin yanvarın 5-də verdiyi müsahibə dövlət idarəçiliyində şəffaflığın, məsuliyyətin və strateji düşüncənin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycan güclü liderlik, aydın məqsədlər və milli maraqlara əsaslanan siyasət sayəsində inamla irəliləyir. Dövlət başçısının səsləndirdiyi fikirlər həm mövcud reallıqların düzgün qiymətləndirilməsi, həm də ölkənin gələcək inkişaf yolunun dəqiq konturlarını ortaya qoyması baxımından xüsusi əhəmiyyət daşıyır",-deyə vurğulayıb.
Anar