Abşeron rayon Xırdalan şəhər 7№-li tam orta məktəbin riyaziyyat müəllimi Aydın Balakişiyev, Yəhya Abbasov, Rafiz Abbasovun həmmüəllifliyi ilə “İsbat məsələləri” (tam orta məktəb şagirdləri və müəllimləri üçün) kitabı nəşr olunub.
Planetinfo.az xəbər verir ki, kitab riyaziyyat olimpiadalarına hazırlıq, riyaziyyatdan fakultətiv məşğələ və dərnəklərdə istifadə üçün nəzərdə tutulub. Bütün məsələlərin isbatı kitabda öz əksini tapmışdır. Bəzi məsələlərin bir neçə üsulla isbatı verilib. Vəsaitdən xüsusi istedada malik olan orta məktəb şagirdləri, riyaziyyat müəllimləri, ali məktəb tələbələri, magistraturaya qəbul olunmaq istəyən tələbələr və riyaziyyatı müstəqil öyrənənlər istifadə edə bilərlər.
“İsbat məsələlərini həll etmək üçün tətbiq edilən metodlar verilənlərin məzmunundan, çətinlik dərəcəsindən asılıdır. Məsələdə qarşıya qoyulan təklifi isbat etmək bu və ya digər üsulun seçilməsindən, həmçinin şagirdlərin bilik və bacarıqlarından asılı olur.
Tərtib olunan bu vəsait şagirdlərin düşüncə və fəal fikir yürütmək qabiliyyətini artırmağa xidmət edir. Vəsaitdə 9 bölmə və "Müxtəlif məsələlər üzrə isbat məsələləri" verilmişdir.
Vəsaitin riyaziyyat fənni üzrə olimpiadalara, ali məktəblərə hazırlaşan şagirdlər, riyaziyyat müəllimləri və riyaziyyatı sevən hər kəs üçün faydalı olacağını düşünürük”, - deyə kitabın ön sözündə bildirilir.
Qeyd edək ki, kitabın rəyçilərindən biri Abşeron-Xızı Rayonları üzrə Təhsil Sektorunun müdiri Sənan Xəlilov, elmi redaktoru isə ADNSU-nun "Ümumi və tətbiqi riyaziyyat" kafedrasının professoru, riyaziyyat elmləri doktoru Cavanşir Həsənovdur.
Nəsimi