Dünya 16-01-2026, 13:24

İrana qarşı açıq müharibə ABŞ üçün riskli hesab olunur




“ABŞ prezİdenti Donald Trampın son açıqlamasının məntiqi oxunuşundan belə anlaşılır ki, Vaşinqton hazırkı mərhələdə İrana qarşı hərbi əməliyyatlara birbaşa başlamaq niyyətində deyil və proseslərə əsasən müşahidə -qiymətləndirmə xətti üzərində aparılmasına üstünlük verir. Bu baxımdan ABŞ-ın Irana qarşı qısamüddətli perspektivdə eskalasiya riski ehtimalı az görünür və bu üslub, sırf Trampın yürütdüyü siyasətin tərkib hissəsi olaraq dəyərləndirmək olar”.

Planetinfo.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, müşahidə və qiymətləndirmə prosesi ABŞ üçün vacibdir:

“Bu kəşfiyyat məlumatlarının toplanması və daxili proseslərin hansı istiqamətdə gedəcəyi ilə daha çox bağlıdır. Mümkün ssenarilər gözdən keçirilir və siyasi və hərbi planlar ələ alınır və bütün bunlar ənənəvi olaraq Tramp üslubu kimi, birbaşa müharibə yolu ilə yox, iqtisadi təzyiq , sanksiyalar, siyasi və psixoloji basqı vasitələrinə üstünlük verərək həyata keçirilir”.

Çingiz Şahbazi hesab edir ki, İrana qarşı açıq müharibə ABŞ üçün riskli hesab olunur:

“Bu Yaxın Şərqdə qarşıdurma yolunu açır və enerji bazarında kəskin dalğalanmaya səbəb ola biləcək addımdır. Trampın açıq müharibədən qaçma siyasətinin altında həmçinin ABŞ üçün ciddi siyasi və iqtisadi xərclərin minimuma endirilməsindən qaynaqlanır. Bu baxımdan Tramp İranda daxili gərginliyin artmasına inanır və hərbi müdaxilə variantını ikinci plana qoyub. Həmçinin Tramp başa düşür ki, indiki mərhələdə İrana qarşı hərbi əməliyyatlar İran rejimi üçün əlverişli şərait yarada bilər və rejim bu durumdan öz xeyrinə istifadə etmək imkanı qazana bilər. Belə vəziyyətdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün heç bir əsası qalmır və ikinci variant olaraq bu addım istisna olunmur”.

Anar

Xəbər lenti