"2026-cı ilin başlanğıcında, yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərək ölkəmizin daxili həyatı, beynəlxalq proseslər və sosial sahə ilə bağlı konstruktiv mövqeyini ifadə edib".
Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Ülviyyə Bayramlı deyib. O qeyd edib ki, müsahibə zamanı dövlət başçısı xüsusilə ölkədaxili məsələlərə diqqət yetirərək sosial siyasətin əsas istiqamətləri, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və aparılan optimallaşdırma tədbirləri barədə ətraflı məlumat vermişdir:
"Qeyd edək ki, müsahibə zamanı jurnalistlərin suallarını cavablandıran ölkə başçısı eyni zamanda məmurların fəaliyyəti məsələsinə də toxunmuşdur. Prezident Cənab İlham Əliyev dövlət idarəçiliyində məmurların roluna xüsusi diqqət ayırıb. Dövlət başçısı qeyd edib ki, hər bir məmur öz fəaliyyətində yüksək məsuliyyət nümayiş etdirməli, vətəndaşlara xidmət anlayışını əsas prinsip kimi qəbul etməlidir".
Hakim partiya təmsilçisi bildirib ki, dövlət başçısı, idarəetmədə yol verilən nöqsanlara qarşı barışmaz mövqenin davam etdiriləcəyini bildirərək, dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinin, şəffaflığın artırılmasının və qərarların icrasında operativliyin təmin edilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb:
"Ölkə başçısının bu fikirləri bir daha onu göstərdi ki, aparılan islahatlar dövlət idarəetməsinin daha səmərəli, açıq və vətəndaşyönümlü şəkildə qurulmasına xidmət edir".
Anar