Sosial 16-01-2026, 07:10

Rektor QAİ-nin Gəncə üzrə nümayəndəsi təyin olunub

Rektor QAİ-nin Gəncə üzrə nümayəndəsi təyin olunub
Qərbi Azərbaycan İcmasının müvafiq əmrinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Gəncə şəhəri üzrə nümayəndə təyin edilib. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təyin olunmuş nümayəndəni şəhər ictimaiyyətinə təqdim edib.

Təqdimat mərasimində Gəncə Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarının müdafiəsi, onların tarixi torpaqlara qayıdış hüququnun beynəlxalq müstəvidə tanıdılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlət başçısının öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında şəxsən iştirak etməsi bu məsələnin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu və İcmanın fəaliyyətinə verilən yüksək dəyəri bir daha təsdiqləyir.

Şəhər rəhbəri qeyd edib ki, məhz bu strateji xəttin davamı olaraq Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə mühüm bir təyinat həyata keçirilib. Onu da vurğulayıb ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun İcmanın Gəncə üzrə nümayəndəsi təyin olunması bu istiqamətdə atılmış uğurlu addımdır.

“İnanırıq ki, onun milli maraqlara sadiqliyi, təşkilatçılıq bacarığı və prinsipial mövqeyi Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrin icrasına, xüsusilə Gəncədə məskunlaşan soydaşlarımızın bir araya gətirilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir”, – deyə o bildirib.

Çıxış edən digər natiqlər Qərbi Azərbaycan məsələsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, Qərbi Azərbaycan İcmasının soydaşlarımızın hüquqlarının müdafiəsi və tarixi torpaqlara qayıdış məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynadığını bildiriblər. Zəfər Qurbanovun Gəncə şəhəri üzrə nümayəndə təyin olunması uğurlu qərar kimi qiymətləndirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Zəfər Qurbanov göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə və Gəncənin icra başçısına dərin təşəkkürünü bildirib. O qeyd edib ki, üzərinə düşən bu məsuliyyətli vəzifəni böyük şərəf və məsuliyyət hissi ilə qəbul edir. Zəfər Qurbanov vurğulayıb ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının müdafiəsi, onların tarixi yaddaşının qorunması və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində Gəncə şəhərində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçiriləcək.

Sonda xatirə şəkli çəkdirilib.

Nəsimi

Xəbər lenti