“İranda baş verən son hadisələrə inqilab demək olmaz. Çevriliş də deyil bu. Mətbuat bu cür aksiyaları çığırqan olsun deyə, “inqilab” adlandırır. Sadəcə, son 49 ildə vaxtaşırı keçirilən etiraz aksiyalarından biri idi. 2009-cu ildə Mirhüseyn Musəvinin başçılıq etdiyi hərəkata da “yaşıl inqilab” adını vermişdilər. Amma o hərəkat heç bir nəticə doğurmadı. 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümü ilə başlanan və müəyyən nəticələr doğuran aksiyaları da inqilab adlandırmaq olmaz. Baxmayaraq ki, Məhsa hərəkatının qismən də olsa nəticələri var idi. Artıq İrandan gənclərin bir qismi, tələbə qızlar hicab bağlamır. Hicabsızların sayı da getdikcə artır”.
Bu sözləri planetinfo.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşırmaçı jurnalist Elman Cəfərli söyləyib.
O, bu dəfə baş verən hadisələrin daha qanlı olduğunu vurğulayaraq əlavə edib ki, həm aksiyaçılar qəzəbli idi, həm də hakimiyyət orqanları daha acımasız davrandılar: “Minlərlə insan öldürülüb, yaralanıb və həbsə atılıb. Sözsüz ki, bunlar hakim molla rejiminin İran xalqına qarşı törətdiyi cinayətdir. Hər bir xalqın, toplumun dinc şəkildə toplaşmaq, etiraz etmək hüququ var. İran sözdə də olsa respublikadır. Molla rejimi aksiyalara dözüm göstərməli, xalqın tələblərini dinləməli idi. İran Prezidenti Məsud Pezeşkian da ilk günlər verdiyi açıqlamalarında bildirdi ki, xalq haqlı, hökumət suçludur. Çünki yaranmış sosial-iqtisadi sıxıntılara görə, xalq suçlu ola bilməz. İran hökuməti milli valyutanın dəyərdən düşməsini, bahalaşmanı sanksiyalara bağlasa da, müşahidə olunan böhranda lüzumsuz büdcə xərcləmələrinin də rolu var”
E.Cəfərli deyib ki, İran neft və qazla zəngin ölkədir, amma neftdən gələn gəlirlər Yaxın Şərqdə terror təşkilatlarının saxlanmasına, yaxın xaricə xomeynizmin ixracına xərcləndi: “Sanskiyalar altında olsa da, İran gizli yollarla neftini sata bilir. Bəs əldə edilən gəlirlər hara gedir? Əsasən hərbi xərcələrə. İran dünya ilə dirəşib nüvə dövləti olmaq istəyir. 30 ildir bu layihəyə milyardlar xərclənmişdi. Yayda baş vermiş 12 günlük müharibədə İsrail və ABŞ İranın nüvə təsisatlarında ağır zərbə vurdular. Xərclənən milyardlar havaya uçdu. İran cəmiyyəti o qədər də küt, haqqını, hüququnu bilməyən toplum deyil. İranda minlərlə Qərbdə təhsil almış düşüncəli insan, ziyalı var. İndi 70-ci illər deyil ki, cəmiyyətdən nəyisə gizlədəsən. Çağdaş İKT dövründə bütün statistikalara çıxış asandır. İnsanlar öyrənir və hökumətə sual edirlər. Yığılan narazılıq isə bir gün partlaq verir. Bu gün İranda baş verənlər xalqın haqlı narazılığıdır. Amma hökumət narazıları “ABŞ, İsrail casusları” elan edərək qanlı qırğına əl atdı. Bu, doğru yanaşma deyildi və sözsüz ki, acı nəticələr doğuracaq. İndiki situasiyada molla rejimi qalib kimi görünür. Çünki hakimiyyət orqanları da yürüşlər təşkil etdilər və xalq orada xarici düşmənləri, devrilmiş şahın oğlu Rza Pəhləvini rədd elədi. Yerdə qalır xalq mücahidləri, onlar da daha çox terror yolu ilə mübarizə aparır”.
Araşdırmaçı həmçinin bildirib ki, molla rejiminə isə terrorla qalib gəlmək olmaz: “Çünki o metodları mollalar daha yaxşı bilir. Fikrimcə, İranda etiraz aksiyaları səngiməyə doğru gedəcək. Çünki obrazlı desək “qəzəb vulkanı” artıq püskürdü və molla rejimi aşıra bilmədi. İran rəhbəri Xamneyi bunkerdə gizlənib. Onu vurmaq üçün bütün şəhəri bombalayası deyillər ki. Molla rejimi bu dəfə də xilas oldu deyə bilərik. Amma mühafizəkar qanad daha bir zərbəni aldı. Fikrimcə, bu aksiyalardan sonra islahatçı qanadın-konkret prezident Məsud Pezeşkianın mövqeyi güclənəcək. Rza Pəhləvinini qeyri-ciddi fiqur olduğu da göründü. Yəqin ki, o, bundan sonra Qərbin İranla bağlı ciddi planlarında yer almayacaq”.
Onun sözlərinə görə, Güney Azərbaycan xalqının Məsud Pezeşkiana dəstək verdiyi göründü: “Bundan sonra Türkiyə, Azərbaycan, Pakistan kimi dövlətlər Məsud Pezeşkianla işləməlidir. Azərbaycanlı prezidentin mövqeyini gücləndirmək lazımdır. Ehtimal var ki, molla rejimi ciddi güzəştlərə getsin. Bu sırada qonşu dövlətlərdə qıcıq yaradan xomeynizmin ixracı siyasətindən, proksi qüvvələrə dəstəkdən imtina oluna bilər. Bundan başqa türklərin uzunmüddətli dəstəyini qazanmaq üçün ana dilində məktəblərin açıqlamasına razılıq verilə bilər. Bir sözlə, son hadisələr İran tarixində yeni mərhələnin başlanğıcını qoydu. Hakimiyyət məsələsi küçədə həll edilmədi, masaya buraxıldı. Ancaq vilayəti fəqih sisteminin ömrünə çox qalmayıb. İran cəmiyyəti üçün ən ağrısız keçid, vilayəti fəqihdən imtina, respublikanın saxlanması, hakimiyyətin məxməri yolla legitim prezident Məsud Pezeşkiana ötürülməsidir. Mənim ehtimalım budur ki, elə bu cür də olacaq. Məsud Pezeşkianın prezidentliyə yolu da məhz buna görə açılıb. Hazırda İran xalqının güvəndiyi tək fiqur Məsud Pezeşkiandır. Son aksiyalarda onun əleyhinə 1 şüar belə görünmədi”.
Nəsimi