Sosial 28-01-2026, 07:47

İstixanada ozonlaşdırılmış su texnologiyası tətbiq edilir

İstixanada ozonlaşdırılmış su texnologiyası tətbiq edilir


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Aqromexanika Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq çərçivəsində “İstixanalarda mövcud mikroiqlim şəraitində tərəvəz becərilməsi üçün ozonlaşdırılmış sudan istifadə texnologiyasının tətbiqi” mövzusunda tədqiqat işləri aparılır.

Planetinfo.az xəbər verir ki, tədqiqat çərçivəsində istixanada optimal mikroiqlim parametrlərinin — temperaturun, rütubətin, işıqlandırma və ventilyasiyanın avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə tənzimlənməsi ilə yanaşı, istehsal prosesində suvarma suyunun ozonlaşdırılması texnologiyası tətbiq edilir. Bu məqsədlə suvarma prosesinə xüsusi ozonlaşdırıcı qurğu inteqrasiya olunub.

Kənd təsərrüfatı istehsalının spesifik xüsusiyyətləri nəzərə alınaraq hazırlanmış suvarma suyunun ozonlaşdırılması üçün texnoloji xətt layihəsində avtomatik idarəetmə və nəzarət sistemlərində istifadə olunan qurğu və cihazların sadəlik, etibarlılıq və uzunömürlülük tələblərinə uyğunluğu təmin edilib.

Tədqiqatın praktiki nəticələrinin qiymətləndirilməsi məqsədilə modul tipli istixanada pomidor bitkisi üzərində biramilli təcrübə qoyulub. Hazırda pomidor bitkisinin çiçəkləmə fazası üzrə müşahidələr aparılır.


Nəsimi

Xəbər lenti