Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviç yanvar ayının 27-də Şəki şəhərində səfərdə olub.
Planetinfo.az xəbər verir ki, səfər çərçivəsində səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.
Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirib ki, Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bu şəhərdə sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Diqqətə çatdırıb ki, Şəki Azərbaycanda festivallar şəhəri kimi də tanınır.
Səfir Draqan Vladisavlyeviç qonaqpərvərliyə görə minnətdarlq edib, səfərinin bu qədim diyarla yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb, Şəkidə olmağından çox məmnun olduğunu bildirib.
Görüş zamanı iqtisadi, mədəni və turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qonağa xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, səfər çərçivəsində səfir Şəkinin tarixi abidələrini ziyarət edib.
Nəsimi